Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəməyə verdikləri vəsatətlər təmin edilməyib. O bildirib ki, Fuad Əhmədli heç bir cinayət əməli törətməyib: "Ona görə də onun barəsində bəraət hökmü çıxarılmasını istəyirəm".

Məhkəmədə Fuad Əhmədli son sözlə çıxış edib.

O, günahsız olduğunu bildirib: "Susmadım, savaşdım. Etiraf etmək tələb olunursa, bəli, bəlkə də vəzifə səlahiyyətlərimi aşmışam, üzərimə düşən vəzifəmi artıqlaması ilə yerinə yetirmişəm."

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən F.Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.