Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Rövşən Xalıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə sanksiyadan aşağı həddə cəza verilməsini tələb edib. Hakimlər qarşısında son sözlə çıxış edən Rövşən Xalıqov peşman olduğunu deyib.

Daha sonra müşavirə keçirən hakim heyəti Rövşən Xalıqovun 18 il müddətinə azadlıqdan məhrum edib.

İttihama görə, 2016-cı il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb. Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirildiyi müəyyən edilib.

Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub.

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunub.

Rövşən Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.