Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə arayış daxil olduğu məlum olub.

Hakimin səsləndirdiyi arayışlarda qeyd olunub ki, iyunun 7-də Anar Mustafayevin qohumları nazirliyə dəymiş 567 min manat ziyanı, mayın 30-da isə Beytulla Hüseynovun qohumları nazirliyə dəymiş 10 milyon 200 min ziyanı ödəyiblər.

Nazirlik həmin şəxslərə qarşı heç bir mülki iddiasının olmadığını qeyd edib.

Daha sonra hakim təqsirləndiriləm şəxslərin vəkillərinə müdafiə çıxışı üçün söz verib.

Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev və Namazalı Məmmədov və Qəmbər Bəybaleyevin vəkilləri çıxışa hazır olmadıqlarını bildiriblər.

Hakim Əfqan Hacıyev vəkillər sonuncu dəfə 2 gün vaxt verib. Vəkillər buna kəskin etiraz ediblər. Onlar bildiriblər ki, iyunun 15-i iş günü deyil. Bu səbəbdən həmin gün istintaq təcridxanasında hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslərlə görüşə bilməyəcəklərini deyiblər.

Lakin hakim onların tələbini təmin etməyib. Növbəti proses iyunun 16-da davam edəcək.

Dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.