Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə şahid qismində “Zamin Bank” ASC-nin Nərimanov filialının müdiri olmuş Qubad Qubadov ifadə verib.

Şahidin ifadəsinə görə, hadisə 2012-ci il aprelin 7-si şənbə günü olub: “Şənbə günü olmasına baxmayaraq xaricdən həvalə yolu ilə göndərilən 900 min ABŞ dollarını qəbul etdik. Həmin vaxt Nəriman adlı müştərimiz Vidadi Əzizovla banka gəlmişdi. Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. Vidadi də pulu götürərək bankdan çıxdı. Qeyri-iş günü olmasına baxmayaraq pul mübadiləsi apardıq. Elə bildik ki, pul bankın müştərisi Nərimanındır”.

Qubad Qubadov bildirib ki, sonradan Vidadi Əzizovun MTN əməkdaşları tərəfindən saxlanıldığını eşidib: “Elə həmin gün MTN-dən mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və bankda qalan məbləğdə pulu da MTN-ə gətirilməli olduğunu dedi. Qalan pulu da MTN əməkdaşlarına verdim”.

Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizov barəsində həmin il MTN-də kifayət qədər materiallar toplanıb. Barəsində MTN-də 7 cinayət işi olub. Mirəziz Əsgərov Vidadi Əzizovun barəsində olan siqnal materialların işə əlavə edilməsini istəyib.

Hakim bu məsələyə münasibət bildirməyib.

Daha sonra çıxış edən Vidadi Əzizov ləğv edilmiş MTN-də quldur dəstəsinin toplaşdığını deyib. Zərərçəkmişin çıxışına münasibət bildirən Mirəziz Əsgərov qeyd edib ki, MTN-də çalışanlar dövlətə xidmət ediblər. Onun sözlərinə görə, orada vətənpərvər əməkdaşlar olub: “İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər vətənə xidmət edənləri ittiham edir. Əslində onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror, mənim səhvimi siz təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”.

Bu zaman prosesdə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Hakim Mirəziz Əsgərova xəbərdarlıq edib.

Növbəti proses iyunun 23-də davam edəcək.