BAKI, 20 oktyabr. TELEQRAF
Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Macarıstanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.
Diplomat qeyd edib ki, Macarıstan Azərbaycanın ən mühüm investorlarından biridir:
“MOL və MVM şirkətləri ölkədəki əsas neft-kondensat və təbii qaz yataqlarında mülkiyyət payları əldə ediblər. İki ölkə arasında iqtisadi əməkdaşlıq bərpaolunan enerji, kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı sahələrini də əhatə edir”.
O bildirib ki, Azərbaycan və Macarıstan yaşıl enerji dəhlizi layihəsinin iştirakçılarıdır:
“MVM şirkəti isə “Şəfəq” Günəş Elektrik Stansiyasının səhmdarlarından biridir”.