BAKI, 11 iyul. TELEQRAF
Bakı Təşəbbüs Qrupu son üç ildə dekolonizasiya prosesinin beynəlxalq gündəmdə saxlanılmasına mühüm töhfə verib və bu istiqamətdə medianın rolu xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
A. Abbasov bildirib ki, son üç ildə BTQ kolonial cinayətlər, müstəmləkə siyasətinin fəsadları və dekolonizasiya prosesi ilə bağlı məsələləri BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformaların gündəminə çıxarmağa nail olub.
Abbas Abbasov bu prosesdə medianın rolunu xüsusi qeyd edərək bildirib ki, məhz media sayəsində dünya ictimaiyyəti dekolonizasiya ilə bağlı həqiqətlərdən xəbərdar olub.
O əlavə edib ki, 2024-cü ildə dənizaşırı ərazilərdən olan jurnalistlər üçün Azərbaycanda media turu təşkil olunub:
“Bu il isə dekolonizasiyada medianın roluna həsr olunan beynəlxalq konfrans keçirilir. Bu tədbirlər dekolonizasiya prosesinə mühüm töhfə verəcək”.