ŞUŞA, 6 iyul. TELEQRAF
"Mədəni və etnik müxtəliflik hər bir dövlət üçün sərvət sayılmalı, etnik və dini mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməlidir".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransda bildirib.
S.Hüseynli qeyd edib ki, Rusiyada azərbaycanlılar da daxil olmaqla, müxtəlif xalqlar etnik və dini mənsubiyyətlərinə görə sistemli ayrı-seçkiliyə məruz qalır, onların fundamental hüquqları pozulur.
O bildirib ki, ailəsi də bunun ağır nəticələrini yaşayıb:
“2025-ci il iyunun 27-də Yekaterinburqda yaşayan üç qardaşım və bir neçə yaxın qohumum hüquq-mühafizə orqanlarının əsassız basqınına məruz qalıb. Qadın və uşaqların gözü qarşısında onlara ağır işgəncələr verilib. İki qardaşım – Hüseyn Səfərov və Ziyəddin Səfərov işgəncələr nəticəsində həlak olub”.
Seyfəddin Hüseynli vurğulayıb ki, digər qardaşı Bakir Səfərov, eləcə də Ayaz, Akif və Kamal Səfərov hazırda Yekaterinburqda həbsdə saxlanılır:
“Onlar barəsində nümayiş xarakterli məhkəmə prosesləri keçirilib və 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzaları verilib. Hesab edirik ki, mədəni və etnik müxtəliflik hər bir dövlət üçün sərvət olmalı, etnik və dini mənsubiyyətə görə ayrı-seçkiliyə isə heç bir halda yol verilməməlidir”.