BAKI, 15 may. TELEQRAF

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 14-15 may 2026-cı il tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş 135-ci sessiyasında iştirak və çıxış edib.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sessiyada çıxışı zamanı nazir müavini ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə bəyanatın imzalandığını və iki ölkə arasında Sülh və Dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflandığını diqqətə çatdırıb.

Ötən doqquz ay ərzində ölkələrimizin sülh şəraitində yaşadığını, yeni reallığın praktik faydalarının artıq özünü biruzə verdiyini və sülhün möhkəmləndirilməsi üzrə tədbirlərin davam etdiyini vurğulayıb.

Azərbaycanın birtərəfli qaydada tranzit və ticarət məhdudiyyətlərini ləğv etdiyini, öz ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıldığını, mal və məhsulların ixrac olunduğunu, habelə etimad mühitinin gücləndirilməsi və ortaq maraqlar ətrafında açıq müzakirələrin aparılması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfər və görüşlərinin baş tutduğunu qeyd edib.

Nazir müavini çıxışında Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli yanaşmasının Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirdiyini və bu vəziyyətin qeyd-şərtsiz aradan qaldırılması məsuliyyətinin təşkilatın üzərinə düşdüyünü vurğulayıb.

Nazir müavini AŞ Nazirlər Komitəsinin sədri qismində fəaliyyətinə görə Moldovaya təşəkkür edib, yeni sədr Monakoya uğurlar arzulayıb.

E.Məmmədov həmçinin sessiya çərçivəsində təşkil olunmuş “Avropada miqrasiya” mövzusunda dəyirmi masada iştirak və çıxış edib.