BAKI, 12 may. TELEQRAF

"Azərbaycanın Ukraynaya dəstəyini və İranla gərginliyi azaltmaq səylərini alqışlayırıq".

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Diplomat son dörd ilin həm region, həm də dünya üçün çətin keçdiyini vurğulayıb.

O, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi müdaxiləyə toxunaraq bildirib:

"Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsi artıq 1 531 gündən çoxdur ki, davam edir. Bu müddət ərzində Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi, o cümlədən Prezident Zelenskinin son səfəri ilə təsdiqlənən əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirirəm".

Fergus Auld həmçinin Azərbaycanın cənub sərhədlərində baş verən gərginliklərə və rəsmi Bakının təmkinli siyasətinə diqqət çəkib:

"Son bir il ərzində iki dəfə Azərbaycanın cənub sərhədi boyunca müharibənin şahidi olduq. Təkrar-təkrar baş verən təxribatlara baxmayaraq, Azərbaycan hökumətinin İranla münasibətləri idarə etmək və gərginliyi azaltmaq istiqamətində göstərdiyi səyləri təqdir edirəm".