BAKI, 29 aprel. TELEQRAF

Bu gün Tailand Krallığının paytaxtı Banqkokda "Tailand və Mərkəzi Asiya: Dinamik Avrasiyada davamlı əlaqələrin və yeni tərəfdaşlıqların qurulması" mövzusunda beynəlxalq simpozium keçirilib.

Teleqraf xəbər verir ki, tədbirin əsas məqsədi Mərkəzi Asiya regionunun artan geosiyasi və iqtisadi əhəmiyyətinə dair elmi-analitik müzakirələrin təşviqi, mövcud bilik boşluqlarının aradan qaldırılması, habelə Tailandın bu regionla institusional və strateji tərəfdaşlıqlarının inkişafına töhfə verilməsidir.

"Dəyişən Avrasiya kontekstində Tailand-Mərkəzi Asiya münasibətlərində diplomatik perspektivlər" mövzusunda keçirilən paneldə Azərbaycan Respublikasının Tailand Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Bəşirov çıxış edərək ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

"Siyasət üzrə dəyirmi masa: Geosiyasi rəqabətlərdən yeni dünya nizamı və yeni iqtisadi dəhlizlərə" adlı panel sessiyada isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev geniş təqdimatla çıxış edib. O, strateji dayanıqlığın təmin edilməsi üçün bağlantıların gücləndirilməsinin, nəqliyyat və iqtisadi marşrutların şaxələndirilməsinin, eləcə də əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

BMTM sədri bildirib ki, Mərkəzi Asiya Azərbaycan üçün təbii tərəfdaşdır:

"Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bu gün əməkdaşlığın əsas istiqamətini geoiqtisadi faktorlar-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində tərəfdaşlıq təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan artıq geosiyasi və geoiqtisadi baxımdan vahid məkanı formalaşdırır. Bu yanaşma yalnız siyasi konsepsiyanı deyil, həm də formalaşmaqda olan nəqliyyat-logistika və iqtisadi inteqrasiya reallıqlarını əks etdirir".

F. Şəfiyev, həmçinin qeyd edib ki, mövcud beynəlxalq arxitekturada baş verən proseslərin təhlili C6 coğrafiyasının siyasi, iqtisadi və təhlükəsizlik konyunkturda strateji əhəmiyyətinin getdikcə artdığını göstərir. Onun sözlərinə görə, C6 mexanizminin institusional baxımdan təkmilləşdirilməsi zəruridir.

"Bu, C6 coğrafiyasının mümkün təhdidlər qarşısında dayanıqlığını artırmaqla yanaşı, qlobal təchizat zəncirlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinə də töhfə verə bilər".

Diplomat, eyni zamanda Azərbaycanın Asiya institutları ilə yanaşı, ABŞ və Avropa ölkələri ilə də konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirdiyini bildirib. O qeyd edib ki, bu balanslı yanaşma həssaslıqların azaldılmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və həm regional, həm də milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edir.