BAKI, 12 mart. TELEQRAF
Müasir dünyada siyasi hədəflərə yalnız hərbi güclə nail olmaq mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Valdis Zatlers XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, Bakıda keçirilən forumun illər keçdikcə daha da böyüdüyünü və əhəmiyyətinin artdığını vurğulayıb.
Forumun çətin bir dövrdə keçirildiyini qeyd edən Zatlers iştirakçıların vahid bir ailə kimi çətin vəziyyətlərdən çıxış yolları tapmaq üçün bir araya gəldiyini bildirib və bu mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü ifadə edib.
Sabiq prezident Avropadakı və dünyadakı mövcud vəziyyəti mürəkkəb kimi qiymətləndirərək, böhran yaratmağın asan, onu həll etməyin isə olduqca çətin olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, müasir dövrün ən böyük problemi səhvlərdən dərs çıxarmaq bacarığının çatışmamasıdır:
"Son on ilin təcrübəsi göstərir ki, siyasi məqsədlərə yalnız hərbi vasitələrlə nail olmaq mümkünsüzdür. Biz indi asimmetrik balans dövründə yaşayırıq; kiçik millətlər və ordular böyük güclərə müqavimət göstərə bilirlər. Hər hansı bir həll yolu taparkən xalqların tarixi sentimentlərini və keçmişdən gələn hissiyatlarını mütləq nəzərə almaq lazımdır".