BAKI, 12 mart. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi bu forum qlobal təhlükəsizlik və enerji məsələləri üçün mühüm platformadır.

Teleqraf xəbər verir ki, bunu Bolqarıstanın keçmiş Baş naziri Kirill Petkov (2021–2022) XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycana təşəkkür edən eks-baş nazir bu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.

K. Petkov qeyd edib ki, həm dünya, həm də region üçün taleyüklü bir dövrdə həmkarlar arasında fikir mübadiləsinin aparılması olduqca vacibdir.

Bolqarıstanın Azərbaycanın yaxın dostu olduğunu xatırladan keçmiş hökumət başçısı, növbəti günlərdə keçiriləcək görüşlərin məhsuldar olacağına əminliyini ifadə edib:

"Mən təhlükəsizlik və son dövrlərdə kritik əhəmiyyət kəsb edən enerji mövzularına dair səmərəli müzakirələri səbirsizliklə gözləyirəm. İnanıram ki, bu konfransdan daha çox bilik və yeni, möhkəm münasibətlərlə ayrılacağıq”.