BAKI, 11 mart. TELEQRAF

"Dünya qorxulu bir paradoksla üz-üzədir".

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda dünya heç vaxt olmadığı qədər çoxqütblü olsa da, eyni zamanda çoxtərəflilik (multilateralizm) özünün ən zəif dövrünü yaşayır.

Sabiq prezidentin sözlərinə görə, böyük güclər arasında rəqabətin yenidən alovlanması və münaqişələrin miqyasının genişlənməsi artıq uzunmüddətli bir trendə çevrilib: "Biz dünya miqyasında getdikcə daha çox münaqişə müşahidə edirik və bu proseslərə daha çox ölkə cəlb olunur. Artıq təkcə enerji və təbii resurslar uğrunda ənənəvi rəqabət getmir, texnologiyalar kimi yeni sahələr də əsl döyüş meydanına çevrilib".

Ş.Mişel həmçinin beynəlxalq sistemdə böyük güclərin iradəsinə kor-koranə tabe olmaq istəməyən və daha müstəqil mövqe nümayiş etdirən "orta ölçülü" güclərin yüksəlişinə diqqət çəkib.

Mövcud beynəlxalq sistemin effektivliyini tənqid edən Ş.Mişel Birləşmiş Millətlər Təşkilatı (BMT) sisteminin təsir gücünün azaldığını vurğulayıb. O, Qlobal Bakı Forumu kimi platformaların qarşılıqlı anlaşmanı təşviq etmək və beynəlxalq təsisatların faydalılığını artırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.