BAKI, 6 mart. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova martın 6-da Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır. Tərəflər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd ediblər. Ölkələrimizin beynəlxalq təşkilatlarda da qarşılıqlı dəstək nümayiş etdirməsindən məmnunluq ifadə edilib.

Mixay Popşoi Moldova Parlamentinin sədri İqor Qrosunun salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Milli Məclisin sədri onun da salamlarını Moldova parlamentinin spikerinə çatdırmağı xahiş edib. Sahibə Qafarova İqor Qrosunun ölkəmizə səfərini və onunla müxtəlif tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Spiker bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla davam edir və bu qurumlarda deputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.

Söhbət zamanı spiker Sahibə Qafarova İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını pisləyərək, ölkəmizə qarşı törədilən bu hücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandığını bildirib.

Mixay Popşoi isə Moldovanın bu xain hücumları qətiyyətlə qınadığını söyləyərək, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanın yanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. Mixay Popşoi, həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib. Qonaq, ölkəsinin sülh prosesində Azərbaycanın təşəbbüs və liderliyini alqışladıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.