BAKI, 24 fevral. TELEQRAF
İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və ölkələr arasındakı münasibətlər dərin tarixi köklərə söykənir.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf-a müsahibəsində ölkəsinin Cənubi Qafqazda əsas tərəfdaşının niyə Azərbaycan olması ilə bağlı sualı şərh edərkən bildirib.
Diplomat yəhudi icmasının iki xalq arasında strateji bağlılıq yaratdığını vurğulayıb: "Yəhudi icması burada mühüm körpü rolunu oynayır. Hazırda İsraildə Azərbaycandan köçmüş 100 mindən çox yəhudinin yaşaması bu mənəvi və sosial körpünü daha da möhkəmləndirir".
Səfir yəhudilərin Azərbaycanın inkişafındakı tarixi roluna da toxunub: "Tarixin daha dərin qatlarına baxdıqda yəhudilərin Azərbaycanın elm və mədəniyyətinə verdiyi misilsiz töhfələrin şahidi oluruq. Bakıda doğulmuş dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau buna bariz nümunədir".
Ronen Krausz qeyd edib ki, mürəkkəb coğrafi məkanda yerləşən hər iki dövlət bir-birinin təcrübəsindən bəhrələnir və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalır.