BAKI, 24 fevral. TELEQRAF

İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirak edirlər.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf-a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, hazırda bir neçə İsrail şirkəti Qarabağda kənd təsərrüfatı, su təchizatı və infrastrukturun bərpası layihələrini uğurla icra edir. Səfir bu bölgənin yenidənqurma prosesində daha çox İsrail şirkətinin təmsil olunmasında maraqlı olduqlarını vurğulayıb:

"Şəxsən mən Qarabağın yenidənqurma prosesində daha çox İsrail şirkətinin təmsil olunmasını arzulayıram. Özüm Qarabağa artıq iki dəfə səfər etmişəm və bu səfərlər məndə çox xoş təəssürat yaradıb. Gələcəkdə də bu bölgəyə mütəmadi baş çəkəcəyimə əminəm".

R.Krausz, həmçinin İsraildən gələn turistlərin Qarabağa marağının artırılmasının vacibliyinə toxunub:

"Arzum budur ki, Qarabağ israilli turistlərin səyahət marşrutlarına mütləq daxil edilsin. Azərbaycana gələn 70 000 israilli turist təkcə Bakı ilə kifayətlənmir, onlar ölkənin regionlarına-Qubadakı tarixi yəhudi məskəni olan Qırmızı Qəsəbəyə, həmçinin Gəncə, Şəki və Qəbələyə böyük maraq göstərirlər. İstərdim ki, onlar Qarabağın ecazkar təbiətini və zəngin tarixi irsini də öz gözləri ilə görsünlər".