BAKI, 19 fevral. TELEQRAF

"Müasir azadlıq hərəkatları yerli əhalini səfərbər edərək müstəmləkə istismarına qarşı milli identikliyi gücləndirir".

Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, bu mübarizədə liderlərin və ziyalıların rolunu xüsusi vurğulayaraq, kolonial hakimiyyətlərə qarşı diplomatiya, etirazlar və beynəlxalq vəkillik kimi strateji addımların atıldığını diqqətə çatdırıb.

Abbas Abbasov son iki ildəki BTQ-nin fəaliyyətinə toxunaraq bildirib:

“Biz müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının roluna fokuslanmışıq. Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans təşkil olunub, 150-yə yaxın resurs araşdırması aparmışıq və 40-dan çox hesabat dərc edilib”.

Çıxışının sonunda A.Abbasov 2025-ci ilin aprelində Afrika mənşəli insanlar üçün keçirilən forumda təqdim olunan hesabatın BMT Baş katibinin proqramına daxil edildiyini böyük nailiyyət kimi qiymətləndirib.

O, Bakı Təşəbbüs Qrupunun kolonializmdən əziyyət çəkən bölgələrdə sosial təşkilatlanma sahəsində ciddi nəticələr əldə etdiyini vurğulayıb.