BAKI, 19 fevral. TELEQRAF

Fransanın Əlcəzairdə tətbiq etdiyi müstəmləkəçilik siyasəti sadəcə torpaq işğalı deyil, həm də insanların bioloji və psixoloji strukturlarına qarşı sistemli bir hücumdur.

Teleqraf xəbər verir ki, bu barədə antropoloq, Əlcəzair 3 Universitetində politologiya sahəsində elmi tədqiqatçı Hişem Daud bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Hişem Daud deyib ki, Əlcəzair Şimali Afrikada Fransanın ən ağır ikiqat sistemli müstəmləkəçiliyinə məruz qalıb:

“Bu sistem təkcə fiziki işgəncələrlə məhdudlaşmır, həm də mənəvi təqib vasitəsilə fərdin psixikasında dərin zədələr açır”.

O, Fransanın öz hakimiyyətini qanuniləşdirmək üçün elmdən bir silah kimi istifadə etdiyini vurğulayıb:

“Fransız həkimləri iddia edirdilər ki, müstəmləkə olunmuş xalqların beynində rasional hissə deyil, instinktlərə cavabdeh olan “reptil beyin” daha çox inkişaf edib. Bu isə onların azad qərar verə bilməyən “vəhşilər” kimi qələmə verilməsinə xidmət edirdi”.

Antropoloq qeyd edib ki, Fransanın tətbiq etdiyi işgəncə və mənəvi təqib sistemləri sadəcə həmin dövrün insanlarını hədəf almayıb:

“Bu zorakılıqlar nəsillərarası travma yaradaraq genetik yaddaşa həkk olunub. Kolonial epigenetika çərçivəsində tətbiq olunan bu təzyiq xalqın özünəinamını qırmaq və onları daimi asılılıq vəziyyətində saxlamaq məqsədi güdürdü”.

H. Daud vurğulayıb ki, müstəmləkəçiliyin qoyduğu bu bioloji və psixoloji izlərdən qurtulmağın yeganə yolu kollektiv yaddaşı bərpa etməkdir.

O, qorxunu aşmağı, öz tarixi irsinə sahib çıxmağı və keçmiş müstəmləkəçi ilə bərabərhüquqlu münasibətlər qurmağı əsas hədəf kimi göstərib.