BAKI, 16 yanvar. TELEQRAF

Bu gün Bişkek şəhərində Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Turqunbek uulu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsəni qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.

Baş katib parlament sədrini Qırğızıstanda keçirilmiş növbədənkənar parlament seçkilərinin uğurla başa çatması və onun yenidən Joqorku Keneşin sədri seçilməsi münasibətilə təbrik edib.

R. Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyətlər, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də 2026-cı il üzrə prioritet istiqamətlər barədə məlumat verib.

Bu çərçivədə TÜRKPA-nın beynəlxalq platformalarda tanınmasının artırılması istiqamətində atılan addımlar vurğulanıb.

Görüşdə Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyü prosesində əldə olunan əhəmiyyətli irəliləyişlər, Macarıstanla əməkdaşlığın inkişafı və Avropa institutları ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin yaxın dövrdə TÜRKPA çərçivəsində planlaşdırılan tədbirlər və üzv ölkələrin parlament sədrlərinin Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində planlaşdırılan qeyri-rəsmi görüşlərinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda TÜRKPA-nın Qırğızıstanda baş tutacaq növbəti 15-ci Plenar iclası istiqamətində hazırlıqların uğurla davam etdiyi vurğulanıb.

Qırğız Parlamentinin sədri TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın təşəbbüslərinə bundan sonra da hərtərəfli dəstək göstərəcəyini bildirib.