BAKI, 16 yanvar. TELEQRAF
"Hindistanda müsəlmanlar və xristianlar, xüsusilə Kəşmir və Qucarat bölgələrində dini azlıqlar son dövrlərdə ciddi ayrı-seçkilik və məhdudiyyətlərlə üzləşirlər".
Teleqraf xəbər verir ki, bunu Hindistanın Pəncab vilayətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Sinq Arora bu gün Bakıda keçirilən “Hindistanda sikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Milad bayramı ərəfəsində 700-dən çox hadisə qeydə alınıb və xristian icmasına dini ayinlərini sərbəst icra etmək imkanı verilməyib.
Nazir Azərbaycanın insan haqlarının müdafiəsini daim dəstəklədiyini vurğulayıb.
Rameş Sinq Arora eyni zamanda Bakı Təşəbbüs Qrupuna, konfransın təşkilinə görə təşəkkürünü çatdırıb və Azərbaycan xalqı ilə media nümayəndələrinə minnətdarlığını bildirib.