BAKI, 26 dekabr. TELEQRAF
Avropa Sülh Fondu tərəfindən Ermənistana maliyyə dəstəyi ayrıldığı təqdirdə, eyni həcmdə yardımın Azərbaycana da göstərilməsi zəruridir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Teleqraf-ın sualına cavab olaraq 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu çərçivədə Azərbaycana da analoji dəstəyin göstərilməsi təşəbbüsünü irəli sürən ölkələr arasında Macarıstan xüsusilə fəal mövqe nümayiş etdirib:
“Nəticə etibarilə digər beynəlxalq mexanizmlər vasitəsilə Azərbaycana minatəmizləmə fəaliyyətinin dəstəklənməsi məqsədilə 10 milyon avro məbləğində maliyyə ayrılması ilə bağlı qərar qəbul olunub”,- C. Bayramov qeyd edib.
Nazir, eyni zamanda, Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro yardım ayırmaq niyyətindən də xəbərdar olduqlarını vurğulayıb:
“Bu halda eyni məbləğin Azərbaycana da ayrılması məsələsini qaldırırıq. Əgər belə maliyyə dəstəyi Ermənistana göstərilirsə, Azərbaycana da təmin olunması vacibdir”, - o bildirib.