BAKI, 26 dekabr. TELEQRAF

"2025-ci il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunub".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edib: ”Həmin səfər çərçivəsində ABŞ və Azərbaycan arasında anlaşma memorandumu imzalanıb və eyni zamanda qarşılıqlı səfərlər həyata keçirilib ki, bu da tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsinə imkan yaradıb”.

O, həmçinin əlavə edib ki, ABŞ-Azərbaycan əlaqələri enerji, iqtisadiyyat, təhlükəsizlik və diplomatik sahələrdə əhəmiyyətli tərəfdaşlıq nümunələri ilə zənginləşib:

“Bu səfər və həyata keçirilən təşəbbüslər iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, regionda stabilliyin və iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verib”.