BAKI, 25 dekabr. TELEQRAF

İranlı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoyuluşuna, eləcə də tranzit və enerji sahələrində əməkdaşlığa ciddi maraq göstərirlər.

Bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq həm dövlət, həm də özəl sektor səviyyəsində ardıcıl şəkildə davam etdirilir:

"Birgə iqtisadi komissiyanın mütəmadi iclasları əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. İranlı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoyuluşuna, eləcə də tranzit və enerji sahələrində əməkdaşlığa ciddi maraq göstərirlər".

M. Dəmirçulu Qarabağa səfərini məmnunluqla xatırlayaraq bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli iradənin, dövlətçilik əzminin və gələcəyə inamın bariz təzahürüdür:

"Bu səfər mənim üçün olduqca dəyərli və təsirli olub. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli iradənin, dövlətçilik əzminin və gələcəyə inamın bariz təzahürüdür. Yol və nəqliyyat infrastrukturu, hava limanları, şəhərsalma layihələri, təhsil və dini obyektlərin bərpası regionda sabitlik və davamlı inkişaf mesajı verir. İran bu prosesdə texniki və mühəndislik imkanları ilə əməkdaşlığa hazır olduğunu bildirir".