BAKI, 11 dekabr. TELEQRAF
Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Peter Siyarto Strateji Dialoqun 3-cü görüşündən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahələrində əldə olunan irəliləyişi nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndirilməsini vurğulayıblar.
Qeyd olunub ki, görüş zamanı əldə edilən razılaşmalar ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirəcək və geniş regionda sabitlik, əlaqəlilik və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.
***
19:52
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyyarto ilə təkbətək görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təkbətək görüşdən sonra nazirlərin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Azərbaycan və Macarıstan xarici işlər nazirləri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsini qiymətləndirib və dostluq, ortaq maraqlar, eləcə də intensiv siyasi dialoqla möhkəmlənən dinamiki inkişafını müzakirə ediblər.
Görüşdə ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər bu istiqamətlər üzrə yeni əməkdaşlıq imkanlarının açılmasının vacibliyini xüsusi vurğulayıblar.
Macarıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı, o cümlədən Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasına verdiyi töhfə yüksək qiymətləndirilib.
Azərbaycan tərəfi Macarıstanın Türk dünyasında aktiv rolunu, həmçinin BMT, ATƏT və digər beynəlxalq platformalarda aparılan sıx koordinasiyanı yüksək dəyərləndirdiyini bildirib.
Görüşün yekununda Macarıstanın Energetika Nazirliyi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclasının Protokolu imzalanıb.
***
18:57
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyyarto ilə təkbətək görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazirlərin ikitərəfli münasibətlərin mövcud vəziyyətini dəyərləndirməsi, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etməsi və Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə sadiqliyi bir daha vurğulaması gözlənilir.