BAKI, 2 dekabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos "Tramp yolu" (TRIPP) layihəsində təşkilatın mümkün iştirakına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.

M. Kos xatırladıb ki, layihənin icrası Ermənistan və ABŞ arasında əldə olunan razılaşmanın bir hissəsidir və avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanan bəyannamədə əksini tapıb:

"Sənədə əsasən, "Tramp yolu" layihəsi Cənubi Qafqazda kommunikasiyaların açılması çərçivəsində həyata keçiriləcək və Azərbaycanın Naxçıvanla əlaqəsini Ermənistan ərazisi vasitəsilə təmin edəcək".

Aİ rəsmisi qeyd edib ki, Brüssel ABŞ ilə bu məsələ üzrə məsləhətləşmələr aparır və prosesə daha geniş, Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat bağlantılarının inkişafı rakursundan yanaşır:

"Bu, cəmi 42 kilometrlik yol hissəsidir. Lakin bizim üçün vacib olan təkcə bu 42 kilometr deyil, həm şərqə, həm də qərbə doğru uzanan ümumi bağlantı xəttidir və bütün proses paralel şəkildə icra olunmalıdır".

Marta Kos əlavə edib ki, Aİ-nin də bu istiqamətdə öz ideyaları var və məsələ həm Türkiyə, həm də Azərbaycanla müzakirə olunur:

"Bu işi hissələrə bölmək doğru deyil. ABŞ-nin iştirakı və əməkdaşlığı bu prosesdə təkcə 42 kilometrlik dəmir yolunun tikintisindən daha böyük əhəmiyyət daşıyır".

O, yekun olaraq qeyd edib ki, Aİ regionda davamlı əlaqə və sabitlik üçün bütün tərəflərlə koordinasiyanı davam etdirəcək.