BAKI, 1 dekabr. TELEQRAF
"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində “EU Today”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın post-münaqişə strategiyasının mərkəzində dayanan Zəngəzur dəhlizi həm ölkəmiz, həm də regional və qlobal nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
H. Hacıyev dəhlizi Çin, Mərkəzi Asiya və Avropa arasında uzanan Orta Dəhlizin vacib hissəsi adlandırıb:
“Bu marşrut Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək və Azərbaycan bu prosesdə həlledici rol oynayacaq.”
Prezidentin köməkçisi Bakının layihənin Avropa İttifaqının "Global Gateway" təşəbbüsü ilə uyğunlaşdırılmasını dəstəklədiyini və Aİ-nın dəhlizdə iştirakını müsbət qarşıladığını vurğulayıb:
"Zəngəzur dəhlizi Azərbaycanın sülhü qazanmaq strategiyasının praktiki tərkib hissəsidir. Azərbaycan üçün müharibə bitib və münaqişə də sona çatıb. Biz sülhü möhkəmləndirməli və onu uzunmüddətli etməliyik".