BAKI, 1 sentyabr. TELEQRAF
Azərbaycan Prezidentinin 11 avqust 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, humanitar yardım bu gün Ukraynaya çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial media hesabındakı paylaşımda bildirib.
Səfir qeyd edib ki, humanitar yardım artıq təhvil verilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları həcmində olan humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 25 ədəd generator, yeddi dəst transformator daxildir.
Bundan öncə də Azərbaycan elektrik təchizatı ilə əlaqədar Ukraynaya humanitar yardım göndərib. Müharibə şəraiti ilə əlaqədar Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.
Avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərməkdir.