BAKI, 15 iyul. TELEQRAF

İyulun 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Ukraynanın Azərbaycandakı Səfirliyi "Qara dəniz regionunda təhlükəsizlik çağırışları və gələcək imkanlar" mövzusunda birgə dəyirmi masa təşkil ediblər.

Teleqraf xəbər verir ki, bu barədə BMTM məlumat yayıb.

Tədbirdə BMTM-in nümayəndələri, Milli Məclisin üzvləri və tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında Qara dəniz və Xəzər bölgələri ilə bağlı fikir mübadiləsinin vacib olduğunu və Azərbaycanla Ukrayna arasında yaxşı münasibətlərin davam etdiyini vurğulayıb.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, Qara dəniz regionu enerji, ticarət və təhlükəsizlik baxımından əhəmiyyətli ərazidir.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bu bölgəni qarşıdurma yerinə çevirsə də, əməkdaşlıq imkanları hələ də qalır.

Səfir Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.