BAKI, 4 iyul. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

09:49

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, o, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçılarının bu gün Xankəndi şəhərində keçiriləcək XVII Zirvə görüşündə iştirak edəcək.

Sammitin əsas mövzusu “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” olacaq.

Zirvə görüşündə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir. Şimali Kipr Türk Cümhuriyyəti ECO-da müşahidəçi statusunda çıxış edir.

Azərbaycan təşkilata 1992-ci ildə qoşulub.

ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.