BAKI, 30 iyun. TELEQRAF

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verildi.

Teleqraf xəbər verir ki, "Ural Hava Yolları” ilə gətirilən cənazələr əvvəlcə məhkəmə tibbi ekspertizasına göndəriləcək.

Bundan sonra onlar məscidə aparılacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Seyfəddin Hüseynli bildirib ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil olunacaq.

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda ata-anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, - o bildirib.