AĞDAM, 28 noyabr. TELEQRAF

Xıdırlıya köç edən ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xıdırlıya köç edən 13 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak edib.

***

12:36

Ağdamın Xıdırlı kəndinə yola salınan ailələr mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 13 ailədə 48 nəfər Xıdırlı kəndinə çatıb.

Daha sonra köçən ailələrə mənzillərin açarları təqdim ediləcək.

***

12:14

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 13 ailə olmaqla 48 nəfər öz doğma yurduna qayıdır.

Köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən Xıdırlı kəndinə yola düşüb.

Doğma vətənə qayıdan ailələr bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.