LƏNKƏRAN, 5 dekabr. TELEQRAF
Bir müddətdir ki, Lənkəran şəhərinin küçələrində sarı rəngdə, üzərində “Məktəbli avtobusu” yazılmış xüsusi nəqliyyat vasitəsi diqqət çəkir.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, adətən ABŞ və bir sıra Avropa ölkələrində geniş istifadə olunan bu tip avtobusların Lənkəranda görünməsi şəhər sakinlərinin marağına səbəb olub.
Şəhərdə şagirdlərin daşınması üçün indiyədək belə standartlaşdırılmış avtobuslardan istifadə edilməyib.
Məlum olub ki, nəqliyyat vasitəsi Lənkərandakı özəl bağçalardan birinə məxsusdur və bağça uşaqlarının daşınmasında istifadə olunur.
Şəhər sakinləri bildirirlər ki, təhlükəsizlik standartlarına cavab verən bu cür avtobusların gələcəkdə orta məktəblərdə də tətbiq olunması arzuolunandır.
