BAKI, 11 dekabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyunu zamanı stadionun təhlükəsizlik əməkdaşlarının – stüardların xidməti niderlandlı azarkeşlərin diqqətini cəlb edib.

Teleqraf xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin məşhur “ajaxlife.nl” portalı yazı dərc edib.

Qonaq komandanın azarkeşləri matç boyunca meydanın kənarında yağış altında xidmət aparan stüardların həm sayı, həm də intizamını xüsusilə vurğulayıblar. Onların sözlərinə görə, stüardlar meydançanın ətrafında sıralanaraq, tribunaya nəzarəti təmin ediblər.

Stüardlar arxaları meydançaya çevrilmiş vəziyyətdə dayanaraq yalnız tribunaları izləyib, şəxsi söhbətlərə və hərəkətə yol verməyiblər. Meydandakı gərgin oyuna və güclü yağışa baxmayaraq, təhlükəsizlik əməkdaşlarının intizamı qonaqların təəccübünə səbəb olub.

Bildirilib ki, meydanın kənarında təhlükəsizlik tədbirləri iki qat naryadla təmin olunub – ilk sırada kamuflyaj tipli yağışlıqlar geyinmiş stüardlar, onların önündə isə qara geyim forması və sarı jiletli əməkdaşlar dayanıb. Azarkeşlər bu prosesə böyük sayda personalın cəlb olunmasına görə, stadionda sakit və təhlükəsiz atmosfer yaradıldığına və insidentin yaşanmadığını vurğulayıblar.

Matç başa çatdıqdan sonra da təhlükəsizlik əməkdaşlarının xidmətini davam etdirdiyi diqqətə çatdırılıb. Qonaq komandanın nümayəndələri stadionun böyük hissəsi boşaldıqdan sonra belə stüardların ən azı 10–15 dəqiqə ərzində mövqelərini tərk etmədiyini qeyd ediblər.

Sonda bildirilib ki, təhlükəsizlik əməkdaşlarının yuxarıdan verilən siqnal əsasında koordinasiyalı şəkildə ərazini tərk etməsi qonaq sektorundan alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Ayaks” azakeşlərinin nümunəvi xidmətə görə diqqətini çəkən təhlükəsizlik işçiləri Daxili İşlər Nazirliyinin əməkdaşları və bu quruma bağlı Daxili Qoşunlarının hərbçiləri olub.