BAKI, 28 noyabr. TELEQRAF
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.
Teleqraf xəbər verir ki, açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibinin müavini Ömer Kocaman son illərdə media sahəsində əməkdaşlığın daha sistemli və institusional çərçivədə inkişaf etdiyini qeyd edib.
O, üzv dövlətlərin media qurumları arasında məzmun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyanın gücləndirilməsi və dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasının Türk dünyası üçün əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. Kocaman bildirib ki, Təşkilat informasiya təhlükəsizliyi və strateji kommunikasiya istiqamətlərində yeni təşəbbüslərin və birgə layihələrin icrasını nəzərdə tutur. Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında TDT çərçivəsində media və informasiya sahəsində əməkdaşlığın üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma olduğunu bildirib.
O, informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlərə və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının dayanıqlı və koordinasiyalı şəkildə formalaşdırılmasının əsas hədəflərdən olduğunu qeyd edib. Ə. İsmayılov əlavə edib ki, Azərbaycan qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlıdır. Toplantıda Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi, Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin TDT-nin müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış ediblər.
Çıxışçılar təmsil etdikləri ölkələrdə media sahəsində həyata keçirilən islahatlar, rəqəmsal transformasiya ilə bağlı addımlar və TDT çərçivəsində media əməkdaşlığının genişləndirilməsi istiqamətində mövqelərini bölüşüblər. Onlar üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
***
10:00
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir.
Teleqraf xəbər verir ki, toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri müzakirə olunacaq.
Toplantının sonunda TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısına dair Kommünikenin qəbul ediləcəyi gözlənilir.