BAKI, 29 may. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

Teleqraf xəbər verir ki, Stiv Deyns Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.

O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib.

Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirib.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub.