"Azərbaycan Avropa Siyasi Birliyində (ASB) təmsil olunan 47 dövlətdən 16 iştirakçı ölkə ilə strateji tərəfdaşlıq münasibətləri var ki, onlardan 10-u Avropa İttifaqına (Aİ) üzvdür. ASB-nin sammitlərinin təşkili yeni geosiyasi reallıqlar fonunda böyük Avropa ailəsi dövlətlərinin birgə mövqeyinin formalaşdırılmsının önəmini bir daha nümayiş etdirir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan malik olduğu siyasi-iqtisadi resurslar, coğrafi mövqeyi, ondan irəli gələn əməkdaşlıq imkanları və yaratdığı yeni siyasi reallıqların faydaları ilə sülhə, sabitliyə töhfə verir:

"Bütün bunların ümumi analizi onu deməyə əsas verir ki, Azərbaycan hazırkı beynəlxalq münasibətlər sistemində özünü “orta güc” kimi təsdiqləyir. Avropa Siyasi Birliyinin təsis edilməsi ilə bağı geosiyasi şəraiti retrospektiv təhlil etməklə bu məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən araşdırmış olarıq. İkinci Dünya Müharibəsindən az sonra, 1949-cu ildə Avropada hökumətlərarsı regional təşkilat kimi Avropa Şurası, soyuq müharibənin kəskin dövründə siyasi dialoq platforması kimi 1975-ci ildə ATƏT-in sələfi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) təsis olundu. Həmin dövrlərdə bölünmüş Avropa, Varşava Müqaviləsi Təşkilatı və NATO kimi hərbi siyasi blokların qarşıdurması Almaniyanın ikiyə parçalanmasından irəli gələn çağırışlarla üz-üzə idi. Bu gün isə Avropa Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlükəsizlik və siyasi çağırışlarla qarşılaşıb. Bu çağırışların həlli üçün nə Avropa Şurasının, nə də ATƏT-in potensiala və müvafiq mexnizmlərə malik olmadığı reallıqdır".

Millət vəkilinin sözlərinə görə, Avropa siyasi təhlükəsizliklə bağlı strateji dialoqun gücləndirilməsi və yeni qərarların verilməsi ərəfəsindədir:

"Bu məqsədlə siyasi dialoq və müzakirələrin təşkili üçün hökumətlərarası platforma kimi Avropa Siyasi Birliyi yaradıldı. 2022-ci ilin oktyabrında Praqada baş tutan ilk sammit göstərdi ki, Avropa Siyasi Birliyi aktual regional məsələlərin müzakirəsi, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımların atılması məqsədilə təsis olunub. Burada Aİ-yə üzv olan 27 dövlətlə yanaşı, digər 20 Avropa ölkəsi dövlət və hökumət başçıları səviyyəsində bir araya gəlir. Bu səbəbdən də, ildə iki dəfə Zirvə görüşü keçirən Avropa Siyasi Birliyi bunlardan birini Aİ üzvü dövlətdə, digərini isə qeyri Aİ ölkəsində təşkil edir. Bu mötəbər toptantı ASB-nin getdikcə beynəlxalq nüfuzunun artdığını və yeni geosiyasi reallıqlar fonunda böyük Avropa ailəsi dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir".

R.Nəbiyev Birliyin 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi məsələsinə də toxunub:

"2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi İkinci Qarabağ Müharibəsi və 2023-cü il aniterror tədbirlərinin siyasi və hüquqi nəticələrinin qəbulunun daha bir təsdiqidir. Xüsusi ilə nəzərə alsaq ki, Zirvə toplantılarının keçirilməsi barədə qərarlar konsensus əsasında, yəni məhz 47 iştirakçı dövlətin yekdil razılığı ilə verilir, bu həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik strategiyasına verilən dəyərdir. Regionda yeni yaranmış siyasi reallıqlar fonunda dayanıqlı inkişafa nail olmaq siyasətinin təqdir edilməsdir.

Yeni status kvonun üstünlüklərinə fokuslanan əməkdaşlıqdan regionun sərhədlərini aşan bölgələrdə, o cümlədən Avropa siyasi, iqtisadi və enerji məkanında faydalanmaq üçün unikal imkanlar mövcuddur. Bu kontekstdə ölkəmiz çoxvektorlu xarici siyasət kursunda milli maraqları və qarşılıqlı faydalı əməkdaşlığı önə qoyduğu inkarlounmazdır".

Siyasi elmlər doktorunun sözlərinə görə, şanlı Zəfərimizdən sonra da Prezident İlham Əliyev bütün beynəlxalq və regional platformalarda Azərbaycanın əməkdaşlığa və tərəfdaşlığa sarsılmaz sadiqliyini nümayiş etdirib:

"Türk Dövlətləri Təşkilatının (TDT) birinci qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ildə Şuşada baş tutması, 10 dövləti öz sıralarında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin cari ilin iyul ayında Xankəndində keçiriləcək olması, 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin 2026-cı ildə ölkəmizdə keçirilməsi bardə qərarlar prezidentimizin xarici siyasət kursunda çoxşaxəliliyin təzahürüdür.
Dövlətimiz qazandığı təcrübələrdən çıxış edərək xüsusilə mürəkkəb geosiyasi çağırışlar kontekstində ölkələr arasında əməkdaşlığa, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsində öz təcrübəsini bölüşür.

Avropada dəyişməkdə olan geosiyasi landşaft fonunda və formalaşdırılması niyyət edilən yeni təhlükəsizlik arxitekturasına gedən yolda ASB müəyyən yeni siyasi dialoq və fikir mübadiləsi platforması kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2028-ci il ASB Zirvə Görüşü üçün formalaşdıralacağı siyasi gündəliyin tərəfdaşlığa və nəticəyönümlü əməkdaşlığa verəcəyi töhfə xüsusi çəkiyə malikdir. Azərbaycanın əsas hədəfi həm Avropa Siyasi Birliyi çərçivəsində, həm də qlobal miqyasda həmrəyliyin, siyasi dialoqun gücləndirilməsinə dəstək verməkdir".