BAKI, 6 mart. TELEQRAF

"Erasmus+" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və bu, qrant formasında həyata keçirilir. Lakin qrant layihələrinin qeydiyyata alınmaması "Erasmus+"in Azərbaycanda fəaliyyətinin dayandırılmasına səbəb olur.

Bu sözləri Teleqraf-ın sorğusuna cavab olaraq "Milli Erasmus+ Ofisi"nin rəhbəri Pərviz Bağırov bildirib.

"Erasmus+" cəmiyyətə xidmət edən bir proqramdır. Bu proqramdan çox sayda müəllim və tələbə faydalanır, onlar təhsillərini Avropa ölkələrində davam etdirirlər. Həmçinin bir çox universitetlər arasında güclü əlaqələrin qurulmasına kömək edir. Lakin Erasmus-un bağlanma səbəbini izah etmək mənim üçün çətindir və bu məsuliyyəti üzərimə götürə bilmərəm. Bu məsələ ilə aidiyyəti qurumlar məşğul olacaq. Hazırda Erasmus-un Azərbaycandakı ofisi fəaliyyət göstərir, lakin bağlanmaq təhlükəsi ilə üz-üzədir. Ofisimizin fəaliyyəti maliyyə mənbələrindən, yəni qrant layihələrindən asılıdır. Bu maliyyə Avropa İttifaqı tərəfindən qrant formasında ayrılır. Lakin qrant layihələrinin qeydiyyata alınmaması səbəbindən bizim fəaliyyətimiz çətinləşir", - o vurğulayıb.

Pərviz Bağırov hazırda dayandırılan 27 layihənin məzmununu da açıqlayıb: "Bu layihələr arasında Azərbaycandakı universitetlərdə tədqiqat imkanlarını genişləndirmək, alternativ enerji mənbələri və iqlim dəyişikliyi məsələlərinə yeni yanaşmalar təqdim etmək, enerji səmərəliliyini artırmaq və rəqəmsal transformasiyanı dəstəkləmək kimi mühüm layihələr yer alır".

O, həmçinin “Erasmus+” proqramına Azərbaycandakı 32 müxtəlif ali təhsil müəssisəsinin qatıldığını və 5 mindən artıq tələbənin iştirak etdiyini də qeyd edib.