BAKI, 22 may. TELEQRAF
“İqlim mübarizəsi şəhərlərdə qazanılacaq və ya uduzulacaq. Lakin eyni zamanda bu mübarizə şəhərlərin tikilməsindən, genişlənməsindən, yenidən qurulmasından və maliyyələşdirilməsindən əvvəl qəbul etdiyimiz qərarların keyfiyyəti ilə də müəyyən olunur. Məhz buna görə strateji ekoloji qiymətləndirmə (SEQ) bu qədər vacibdir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün strateji ekoloji qiymətləndirmə aləti” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O vurğulayıb ki, strateji ekoloji qiymətləndirmə hökumətlərə, şəhərlərə və tərəfdaşlara siyasət, planlaşdırma və qərarvermənin ən erkən mərhələlərində ekoloji, sosial və iqtisadi amilləri inteqrasiya etməyə imkan verir:
“Bu yanaşma bizi ətraf mühitə təsirlərə reaksiya verməkdən riskləri əvvəlcədən önləməyə və daha yaxşı inkişaf variantlarını başlanğıcdan formalaşdırmağa doğru aparır.
Şəhərsalma üçün bu xüsusilə vacibdir, çünki şəhərlər hazırda eyni vaxtda bir çox prioriteti həll edir: mənzil təminatı, mobillik, enerji, torpaq istifadəsi, yaşıl və ictimai məkanlar, tullantıların idarə olunması, su resursları və biomüxtəliflik. Bu sistemlər isə bir-biri ilə sıx bağlıdır. Strateji ekoloji qiymətləndirmə bu qarşılıqlı əlaqələri nəzərə alan sistemli və iştirakçı bir çərçivə təqdim edir və daha dayanıqlı, inklüziv və iqlimə davamlı seçimlərin qəbuluna dəstək verir”.