BAKI, 22 may. TELEQRAF
Füzuli şəhəri nəqliyyat bağlantıları baxımından çox əlverişli mövqeyə malikdir.
Teleqraf xəbər verir ki, bunu “Chapman Taylor” şirkətinin İdarə Heyətinin qrup direktoru Marcelina Zielinska WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, bu şəhərin böyük potensialı var:
"İlk dəfə ora gedəndə gördüyümüz mənzərə isə belə idi: demək olar ki, tamamilə boş idi. Şəhər toxumasından demək olar ki, heç nə qalmamışdı.
Gələcəyin şəhəri barədə düşünərkən biz uzun, xətti təpələri gördük. Orada “çay dəhlizi” adlandırdığımız bir iz vardı. İlk gün bunun nə olduğunu bilmirdik. Sonradan əldə etdiyimiz şəkillər bizə şəhər üçün konsepsiya yaratmağa kömək etdi.
Şəhərin konsepsiyası vadilərdən, yaşıllıqdan, təpələrdən və iqlimdən ilham almışdı. Çünki ölkənin əksər hissəsindən fərqli olaraq burada daha sərin və xoş iqlim mövcuddur. Bu isə çox böyük texnoloji müdaxilələr olmadan harmonik, balanslı və dayanıqlı inkişaf üçün əlverişli şərait yaradır. Bəs biz işə necə başladıq? Dediyim kimi, əsas ilham mənbəyimiz təbiət idi. Bununla yanaşı, biz dayanıqlı, özünü təmin edə bilən və insanların yaşaya, işləyə və inkişaf edə biləcəyi bir şəhər yaratmaq istəyirdik. Planlamanı da bu prinsip əsasında etdik.
Sənaye zonalarını şəhərin cənub və şimal hissələrində yerləşdirdik ki, hava axını şəhər daxilində düzgün şəkildə hərəkət etsin. Şimalda aqroparklar, cənubda isə daha ağır sənaye sahələri yerləşdirildi.
Şəhərin mərkəzini həm coğrafi, həm də tarixi baxımdan müəyyən etdik. Əvvəlki şəhər quruluşunu geniş şəkildə araşdırdıq və keçmiş tarixi mərkəzi müəyyən etməyə çalışdıq. Tapdığımız nöqtənin keçmişdə şəhərin əsas mərkəzi olduğuna inanırıq. Daha sonra həmin ərazinin ətrafında müxtəlif yaşayış məhəllələri yaratdıq".
Onun sözlərinə görə, xəritələşdirmə yolu ilə ərazinin necə bölüşdürülməli olduğunu göstərmək istəyirdilər ki, nəticədə dayanıqlı inkişaf üçün uyğun şəhər quruluşu yaransın:
"Çünki əslində dayanıqlılıqla bağlı bir çox problemləri ən erkən mərhələdə — düzgün planlaşdırma ilə həll etmək mümkündür. Əgər şəhəri düzgün planlaşdırsaq, gələcəkdə bir çox problemlərin qarşısını ala və həqiqətən dayanıqlı bir şəhər yarada bilərik.
Bu yanaşma əslində ekoloji cəhətdən təmiz və insan yönümlü şəhər anlayışını ifadə edir".