BAKI, 22 may. TELEQRAF

Dünyanın əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 70 faizədək artacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün strateji ekoloji qiymətləndirmə aləti” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O vurğulayıb ki, şəhərlər qlobal istixana qazı emissiyalarının təxminən 70 faizinə və enerji istehlakının 75 faizinə cavabdehdir:

“1970–2021-ci illər arasında ekstremal hava və iqlim hadisələri nəticəsində dünya iqtisadiyyatına dəyən zərər 4,3 trilyon ABŞ dollarına çatıb. Bu tendensiya artmaqda davam edir. Şəhərlərin ölçüsünün böyüməsi və infrastrukturun genişlənməsi ilə bu risklərin daha da artacağı gözlənilir”.

Nazir müşaviri qeyd edib ki, buna görə də dayanıqlı inkişaf iqtisadi dayanıqlıq, sosial inklüzivlik və ətraf mühitin davamlılığı kimi üç əsas sütuna bərabər diqqət yetirməlidir:

“Bu üç ölçü bir-birini gücləndirir və şəhərlər iqlim dayanıqlığı və davamlı transformasiyanın əsas aktorlarına çevrilir. 2030-cu ilə doğru yarı yol nöqtəsinə yaxınlaşdıqca bizə xatırladılır ki, qlobal SDG hədəflərinin təxminən 83 faizi hələ tam icra olunmayıb. Buna görə də SDG-lərin şəhərsalma və siyasət planlamasına inteqrasiyası artıq seçim deyil zərurətdir.

Azərbaycanın milli gündəliyi “yaşıl artım”, bərpaolunan enerji, enerji keçidi, iqlim dayanıqlığı və ağıllı inkişaf prinsiplərinə əsaslanır”.