BAKI, 22 may. TELEQRAF

İqtisadi inkişaf olmadan dayanıqlı inkişaf mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, Hazırda Qarabağda, xüsusilə Zəngilanda iki iqtisadi zona fəaliyyət göstərir:

"İnsanlar öz evlərinə qayıdarkən iqtisadiyyatın və şəhərlərin inkişafı əsas məsələlərdən biridir. Məhz buna görə iqtisadi fəaliyyət dayanıqlı inkişaf üçün həyati əhəmiyyət daşıyır.

İqtisadiyyat Nazirliyi regiona investisiyaları təşviq edən çoxsaylı vergi güzəştləri və xidmətlər təqdim edib. Hazırda Qarabağda, xüsusilə Zəngilanda iki iqtisadi zona fəaliyyət göstərir. Bunlardan biri Ağdamda, digəri isə Cəbrayılda yerləşir və həmin sənaye parklarında artıq 19-dan çox rezident fəaliyyət göstərir. Bu sənaye parkları eyni zamanda mühüm logistika mərkəzlərinə çevrilir və region üçün böyük imkanlar yaradır, iqtisadi artımı dəstəkləyir".

O əlavə edib ki, bununla yanaşı, regionun inkişafında əsas istiqamətlərdən biri də enerji, xüsusilə yaşıl enerjidir:

"Bildiyiniz kimi, Prezident İlham Əliyev bu əraziləri yaşıl enerji zonası elan edib. Buna görə də mümkün olan bütün layihələri bu istiqamətdə həyata keçiririk.

Hazırda əsasən iki enerji mənbəyindən geniş istifadə olunur: günəş enerjisi və hidroenerji. Hidroenerji sahəsində böyük potensial mövcuddur. Bu gün region üzrə təxminən 45 meqavat hidroenerji istehsal olunur. Bununla yanaşı, region böyük günəş enerjisi potensialına malikdir və xarici investorlar artıq bu sahəyə maraq göstərirlər. Xarici şirkətlərdən biri regionda təxminən 240 meqavat gücündə günəş elektrik stansiyasına investisiya yatırır. Digər şirkətlər də yüzlərlə meqavatlıq layihələr təqdim ediblər.

Hazırda bu regionda istehsal edilən enerji təkcə bütün Qarabağı deyil, ölkənin digər hissələrini də enerji ilə təmin etməyə kifayət edə bilər".