BAKI, 22 may. TELEQRAF
Gündəlik istifadə etdiyimiz əsas vasitələrdən biri GIS platforması əsasında qurulmuş ağıllı idarəetmə sistemidir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, biz özümüzü yalnız tikinti işləri ilə məhdudlaşdırmırıq, eyni zamanda həmin kəndlərin düzgün idarə olunmasını da təmin etməli oluruq:
"Buna görə də gündəlik istifadə edilən əsas vasitələrdən biri GIS platforması əsasında qurulmuş ağıllı idarəetmə sistemidir. Bütün kəndlər və şəhərlər bu sistemə daxil edilib və biz evlərdən qaz xətlərinə qədər lazım olan hər şeyi idarə edə bilirik.
Bundan əlavə, bütün çoxmərtəbəli binalar və yollar dəqiq koordinatlarla xəritəyə yerləşdirilir. Bu isə daha düzgün qərarların qəbul edilməsinə kömək edir və gələcək inkişafın daha səmərəli idarə olunmasını təmin edir. Eyni zamanda, bu sistem qurumlar arasında koordinasiyanı yaxşılaşdırır və yeni dəyişikliklərin birbaşa sistemə tətbiqinə imkan yaradır".