BAKI, 22 may. TELEQRAF
Hazırda İçərişəhərdə sakinlərin siyahıyaalınması aparılır. Bizim əməkdaşlarımız və könüllülərdən ibarət olan qruplarımız qapı-qapı gəzərək, sakinlərdən məlumat toplayırlar.
Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, bir neçə aydan sonra İçərişəhərin sakinləri haqqında məlumat bazası tam formalaşacaq:
“Orada yaşayan sakinlərin gender, yaş bölgüsü, ailələrin gəlir mənbələri, gəlir mənbələrin səviyyəsi, eyni zamanda İçərişəhərə aid olan bütün əmlaklarla bağlı məlumatlar yığılacaq.
Bu, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə işlənilir. Çox böyük və unikal rəqəmsal kadastr platforması yaradılır və bütün bu məlumatlar orada yerləşdirilir. Platformada bir-iki idarəetmə modeli tətbiq olunur.
Həmçinin İçərişəhər ərazisində ünvanların və abidələrin inventarlaşması və pasportlaşdırılması işləri də aparılır. Bu da kadastrın tərkib hissəsi olacaq”.