BAKI, 22 may. TELEQRAF
Ərazilərin azad edilməsindən sonra həyata keçirdiyimiz əsas addımlardan biri dövlət tərəfindən aparılan geniş tədqiqat işləri oldu.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, bu, çoxsaylı dövlət qurumlarının iştirakı ilə həyata keçirilən fundamental fəaliyyətlərdən biri idi:
"Buraya dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər daxil idi. Qarşımıza qoyulan əsas prioritet məhz dayanıqlı məskunlaşma yaratmaq idi. Bu isə yalnız ev tikmək demək deyil, insanların ləyaqət və rifah içində yaşayacağı bir infrastruktur qurmaq deməkdir.
Biz Dayanıqlı İnkişaf Məqsədlərinin bir çox prinsiplərini əsas götürdük və tikinti prosesimizi həmin prinsiplər üzərində qurduq. Bu prinsiplər tikinti prosesində daim bizə istiqamət verdi. Əsas yanaşmalardan biri yaşıl, təmiz və müasir innovasiyaların tətbiqi idi və bunlar baş planın əsasını təşkil etdi.
“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası artıq bu forumda hər kəsin eşitdiyi anlayışlardır və bu transformasiyanın əsas sütunlarından birinə çevrilib. Yeni yaşayış məntəqələri resursların səmərəli idarə olunması, enerji effektivliyi, müasir ictimai xidmətlər və daha yüksək həyat keyfiyyətini təmin etmək üçün layihələndirilir.
Məqsədimiz yalnız evləri yenidən qurmaq deyil, insanların ləyaqətlə və rahat şəkildə geri dönə biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaqdır. Məskunlaşma üzrə şəhərsalma modeli sakinlərin gündəlik ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Məktəblərə, səhiyyə xidmətlərinə, təmiz suya, ictimai xidmətlərə çıxış insanların həyatını daha rahat etməlidir və biz məhz bunu həyata keçiririk.
İlk inşa etdiyimiz kənd — Zəngilandakı Ağalı kəndi bunun nümunəsidir. İndi isə onun yaxınlığında digər kəndlər də var.
Mərkəzdə isə insanların gündəlik istifadə etdiyi dövlət və ictimai xidmət mərkəzləri yerləşir. Burada məktəb, uşaq bağçası var və gördüyünüz bütün evlər günəş panelləri ilə təchiz olunub. Regionumuzda günəş enerjisi potensialı yüksək olduğu üçün mümkün olan bütün binalarda günəş panellərindən istifadə edirik".