BAKI, 22 may. TELEQRAF

Azərbaycan BMT-nin əsas təsisatları ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda ölkə 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokola qoşulub. Bu sənədlər sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra mühüm beynəlxalq konvensiyalar da yer alır.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O bildirib ki, gün ətraf mühitin mühafizəsi sahəsində ən ciddi problemlərdən biri antropogen təsirdir:

“Xüsusilə təsərrüfat fəaliyyəti ətraf mühitə ciddi təsir göstərir və bu təsirlərin böyük hissəsi şəhərlərdə formalaşır:

“Bununla bağlı Qarabağda aparılan bərpa-quruculuq işləri zamanı ekoloji qiymətləndirmələrə xüsusi önəm verilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin yenidən canlandırılması və şəhər planlaşdırılmasında strateji ekoloji qiymətləndirmənin tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır”.