BAKI, 22 may. TELEQRAF
Afrikanın bir çox ölkəsində insanların təhlükəsiz və layiqli mənzilə çıxışı məhduddur ki, bu da sosial bərabərsizliyi və ayrı-seçkiliyi dərinləşdirir.
Teleqraf xəbər verir ki, bunu keniyalı nümayəndə Kristin Kandie Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.
O bildirib ki, bir çox insan hələ də yaşayış yeri problemi ilə üzləşir və iqlim dəyişikliyi vəziyyəti daha da ağırlaşdırır:
“Azalan resurslar və şəxsi maraqlara əsaslanan siyasətlər ciddi problemlər yaradır. Mövcud yanaşmalar bizi gücləndirmək əvəzinə daha həssas vəziyyətə salır. Çünki qərarlar qəbul edilərkən yerli icmaların reallıqları nəzərə alınmır”.
K. Kandi qeyd edib ki, Afrikada məcburi köçkünlük, silahlı münaqişələr, yoxsulluq və təhsildən kənarda qalan uşaqlar kimi problemlər geniş yayılıb:
“Yerli xalqlar həm inkişaf, həm də fundamental insan hüquqları uğrunda mübarizə aparmağa davam edir”.