BAKI, 22 may. TELEQRAF
Qarabağda həyata keçirilən yenidənqurma işlərində müasirliklə yanaşı, mədəni müxtəlifliyin qorunmasına da xüsusi diqqət yetirilir.
Teleqraf xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.
O bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində müasir şəhərsalma yanaşmalarını innovasiya və multikultural dəyərlərlə birləşdirir:
“Qarabağ bölgəsində tarixi abidələrin, dini ibadət yerlərinin və müxtəlif xalqlara məxsus mədəni irsin qorunması istiqamətində işlər aparılır”.
Onun sözlərinə görə, dövlət bütün mədəni irs nümunələrinə bərabər yanaşır və bu yanaşma cəmiyyətdə sosial həmrəyliyin güclənməsinə xidmət edir.
Rəvan Həsənov əlavə edib ki, yerli icmaların bilik və ənənələri davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır və müasir şəhərlərin formalaşdırılmasında bu təcrübədən istifadə vacibdir.