BAKI, 22 may. TELEQRAF
“Qeyri-rəsmi yaşayış şəraitində məskunlaşan və müxtəlif risklərlə üzləşən qadınların müdafiəsi xüsusi əhəmiyyət daşıyır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" adlı sessiyada deyib.
Onun sözlərinə görə, gender əsaslı zorakılıq hallarında təhlükəsiz və adekvat mənzil imkanlarının olmaması qadınları çox ağır seçim qarşısında qoyur: "Ya zorakılıq mühitində qalmalı, ya da evsiz yaşamaq və sosial təcrid riski ilə üzləşməlidirlər. Bu isə bir daha göstərir ki, məsələ yalnız yaşayış sahəsinin təmin olunması deyil, həm də qadınların ləyaqəti, sosial müdafiəsi və fundamental hüquqları ilə bağlıdır".
Bahar Muradova vurğulayıb ki, mövzu BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi çərçivəsində gender əsaslı zorakılığın prioritet istiqamət kimi müzakirəsi baxımından xüsusilə aktualdır:
“Həmin sənədlər daha inklüziv, təhlükəsiz və hər kəs üçün imkan yaradan şəhər və yaşayış məkanlarının formalaşdırılmasını təşviq edir. Məhz buna görə də gender transformativ mənzil siyasətlərinin şəhərsalma strategiyalarına inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir
Təcrübə göstərir ki, gender rollarına formal yanaşan siyasətlər praktikada hər zaman effektiv nəticə vermir. Buna görə də siyasətlərin hazırlanması və icrası zamanı qadınların müxtəlif ehtiyac və təcrübələrinin nəzərə alınması vacibdir”.