BAKI, 22 may. TELEQRAF
“Yaxın zamanda forum başa çatacaq və burada xüsusi bəyannamə qəbul ediləcək. Bir çox məsələlər artıq səsləndirilib, amma hələ də danışılmalı vacib məqamlar var. Sadə bir həqiqət var: yaşayış yerləri və həyat keyfiyyəti insanların həyatına birbaşa təsir edir. Bu, xüsusilə qadınlar və qızlar üçün mühüm məsələdir”.
Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən sessiyada BMT Baş katibinin müavini və BMT-nin Davamlı İnkişaf Qrupunun sədri Əminə Mohammed deyib.
O bildirib ki, qlobal miqyasda yaşayış böhranı dərinləşir:
“Ev qadınlar üçün təhlükəsizlik, şəxsi məkan, uşaqları üçün sabitlik, təhsil almaq və yaşamaq imkanı, həmçinin öz şərtləri ilə yaşamaq hüququ deməkdir. Bu əsas olmayanda isə insanlar qorxu içində yaşayır, təhsil, səhiyyə və rifah sistemi parçalanır, layiqli məşğulluq imkanları da zəifləyir. Təəssüf ki, bir çox insan üçün vəziyyət məhz belədir.
Dünyanın müxtəlif yerlərində qadın hüquqları ya ikinci dərəcəli məsələ kimi qiymətləndirilir, ya da ümumiyyətlə təmin edilmir. Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar çox zaman böhran, münaqişə, maliyyə çatışmazlığı və təhlükəsizlik problemləri ilə üz-üzə qalır, zorakılığa məruz qalırlar”.
Əminə Mohammed qeyd edib ki, təhlükəsiz yaşayış yerləri qadınlar üçün böyük imkanlar yaradır:
“Bəzən insanlar bu mövzuda danışmaqdan çəkinirlər, yaşadıqlarını səsləndirmək istəmirlər. Halbuki təhlükəsiz yaşayış yerləri qadınlar üçün böyük imkanlar yaradır. Gender əsaslı zorakılığın qarşısını almaq üçün mənzil təminatı mühüm rol oynaya bilər.
Gender əsaslı zorakılıqdan danışarkən qeyd etmək istəyirəm ki, mən özüm də bu travmanı yaşamış bir insanam. Məhz buna görə deyirəm, heç kim bu təcrübə ilə tək qalmamalıdır. Bu məsələlər açıq şəkildə danışılmalı, paylaşılmalı və onların qarşısının alınması üçün siyasi addımlar atılmalıdır”.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət qarşıda duran vəzifələri yaxşı bilir:
“Biz nələrin dəyişməli olduğunu bilirik. Qarşımızda 2030 gündəliyi var və beynəlxalq ictimaiyyət hansı addımların vacib olduğunu anlayır. Qadınların bərabər imkanlara, layiqli həyata və təhlükəsiz yaşayış şəraitinə ehtiyacı var. Çünki təhlükəsiz mənzil həm də əmin-amanlıq deməkdir. Əsas məsələ isə bütün bunların real şəkildə həyata keçirilməsidir”.