BAKI, 22 may. TELEQRAF

Normal şəraitdə biz şəhərdən kənara çıxmaq istədikdə sərbəst şəkildə hərəkət edirik. Buna bənzər şəraiti geri qayıdan insanlar üçün də yaratmağa çalışmalıyıq.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov​ WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, buna görə yaşayış məntəqələrinin ətrafındakı bufer zonaların təmizlənməsinə də diqqət yetirilir:

"Bu zonalar yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşir, amma məqsəd odur ki, insanlar həmin ərazilərdən kənara çıxdıqda problemlə üzləşməsinlər. Əlbəttə, müvafiq xəbərdarlıq nişanları var, amma biz mümkün qədər çox ərazini təhlükəsiz hala gətirməyə çalışırıq.

Doğma torpaqlarına qayıdan insanlar — repatriantlarla işləmək də çox vacibdir və bunu ANAMA həyata keçirir. Biz onlara buna görə minnətdarıq. Çünki sonda bütün bu işlər insanlar üçündür, doğma yurduna dönən insanlar üçündür. İnsanlar geri döndükdə təhlükəsizliyin təmin olunması vacibdir, amma risk yenə də başqa yerlərdə ola bilər. Buna görə insanlar məlumatlandırılır".

Ramil Cahangirovun sözlərinə görə, geri qayıdan hər bir şəxs məlumatlandırılır və maarifləndirilir:

"Mən auditoriyanın diqqətinə çatdırmaq istəyirəm ki, məsələ yalnız ərazilərin təmizlənməsi deyil, həm də insanların məlumatlandırılması və maarifləndirilməsidir. Bu isə olduqca vacibdir.

Ümumilikdə demək istəyirəm ki, bu, həqiqətən inanılmaz bir işdir. Əvvəlki sessiyalarda da qeyd etdiyimiz kimi, “Böyük Qayıdış” proqramı münaqişədən zərər çəkmiş və ya münaqişədən sonrakı dövr yaşayan digər ölkələrdə də tətbiq oluna biləcək vahid və kompleks bir modeldir. Mən xüsusilə vurğulamaq istəyirəm ki, münaqişədən sonrakı bərpanın bu komponenti — mina fəaliyyəti və dövlət səviyyəsində koordinasiya olunan minatəmizləmə işi — insanların geri dönüşünün və dövlətin bərpasının necə təmin oluna biləcəyinə dair çox mühüm bir nümunədir".